Təfəkkür Jurnalı
Baş redaktordan

 “Təfəkkür” jurnalı haqqında bir neçə söz

Sizə təqdim olunan bu jurnal, “Təfəkkür” adına görə əvvəllər cəmi ikicə sayı işıq üzü görən “Təfəkkür”ün varisi olsa da əslində onun yeniləşmiş formasıdır. Bir neçə il əvvəl çap olunan “Təfəkkür”ün müəyyən səbəblərə görə ömrü uzun olmadı. Ona görə də “Təfəkkür”ün yeniləşmiş formasına yeni qüvvə ilə, müasir tələblərə uyğun olaraq başladıq. Jurnalın üz qabığından tutmuş, məqalələrin məzmununa və keyfiyyətinə kimi hamısını dəyişdik. Artıq cəmi 8 ayda jurnalın yeniləşmiş üç sayı çapdan çıxmışdır.
“Təfəkkür”ün bu nömrələrində çoxşaxəli elmimizin bir sıra yenilikləri barədə görkəmli elm adamlarının, eləcə də universitetimizin alimlərinin məqalələri dərc olunmuşdur. Ən önəmlisi odur ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə bu elm ocağının ən yüksək vəzifəsinə seçildikdən sonra ilk yazılarından birini məhz “Təfəkkür” jurnalında çap etdirmişdir.
95 yaşı yenicə tamam olmuş dünya şöhrətli elm xadimi, Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, azərbaycanlıların yaxın dostu, iki dəfə sosialist əməyi qəhrəmanı Boris Yevgenyeviç Paton da ömrünün 96-cı baharına qədəm qoyanda ilk yazısını “Təfəkkür”ə (bizim xahişimizlə) göndərmişdir: (məqalə 3-cü sayda çap olunmuşdur). Bu diqqətə və hörmətə görə böyük alimlərə universitetimizin kollektivi adından, jurnalın redaksiya heyəti adından və şəxsən öz adımdan təşəkkür edirəm.
Bir elmin, bir də iqtisadiyyatın sonu yoxdur, daha doğrusu, elmin də, iqtisadiyyatın da inkişafının sonu sonsuzluqdur. Jurnalın işıq üzü görən üç  nömrəsində Azərbaycan iqtisadiyyatının dinamik yüksəlişindən bəhs edən, elmi əsaslarla təhlil olunmuş bir sıra məqalələr dərc olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, iqtisad elmləri doktoru Akif Musayevin, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əli Nuriyevin, BDU-nun İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Amil Məhərrəmovun, iqtisad elmləri doktoru, professor Elşən Hacızadənin və başqalarının məqalələrində iqtisadi inkişafın modellərindən, yeni iqtisadi qanunlardan, iqtisadi təhsilin təkmilləşdirilməsindən, iqtisadi mədəniyyətin yüksəldilməsindən söhbət açılır.
Tarix elə bir elmdir ki, onu heç kim dəyişə və ya gizlədə bilməz, nankorların basdırdıqları tarixi gec-tez arxeoloqlar qazıb tapacaq, həqiqət bəlli olacaqdır. Ümummilli liderimiz Heydər Əliyev tariximizi həmişə obyektiv təhlil etməyi, həm bugünkü nəsilə, həm də gələcək nəsilə düzgün çatdırmağı tövsiyə etmişdir. Ulu öndərimizin tövsiyələrinə əməl edən tarixçilərimizin araşdırmalarına jurnalda xüsusi bölmə həsr olunmuşdur. Görkəmli tarixçi alim, tarix elimləri doktoru, professor Havva Məmmədovanın, görkəmli tarixçi alim Firdovsiyyə Əhmədovanın, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstututunun elmi işçisi, Dövlət mükafatı laureatı Nazim Mustafanın, Türkiyəli diplomat Yücəl Karauzun çox böyük təhlil və danılmaz faktlarla sübuta yetirilən məqalələrində tarixin hələ açılmayan səhifələrinə aydınlıq gətirilmişdir. Vaxtında və yerində deyilmiş bircə kəlmə canini cinayətdən, ananı göz yaşlarından, körpəni yetimlikdən qoruyar.“Dilimiz, ədəbiyyatımız, incəsənətimiz” bölməsində tanınmış elm adamlarının, bu sahədəki vacib problemlərdən bəhs edən məqalələrində həm də bu problemlərin həlli yolları haqqında konkret təkliflər irəli sürülmüşdür. Jurnalın işıq üzü görən üç sayında Azərbaycanın ən görkəmli alimləri ilə yanaşı elmin pilləkənlərinə yenicə qədəm qoyan, doktorantların, dissertantların yazıları da öz əksini tapmışdır. Çalışırıq ki, jurnalımızın ömrü uzun, müəllifləri də, oxucuları da çox olsun. Dünyanın bir sıra tanınmış elm xadimlərinin məqalələri,Azərbaycandan kənarda yaşayan tanınmış həmyerlilərimiz haqqında, Azərbaycan, rus və ingilis dilində dərc etdirdiyimiz yazılar maraqla qarşılanmışdır. Ünvanımıza gələn məktublarda jurnal haqqında bir-birindən maraqlı xoş sözlər deyilir. Ukrayna Milli Elmlər Akademiyasının prezidenti Boris Yevgenyeviç Paton redaksiyamıza göndədiyi məktubunda jurnalın iki sayını aldığını və məqalələrin xülasəsindən Azərbaycan elminin tərəqqisi ilə tanış olduğunu və ürəkdən sevindiyini bildirir. Jurnala yeni-yeni uğurlar arzulayır.
Hörmətli oxucular və müəlliflər, bir daha sizləri elmimizin və iqtisadiyyatımızın ən aktual problemlərinin müzakirəsində aktiv iştirak etməyə çağırıram.

 

Müşfiq Atakişiyev
“Təfəkkür” jurnalının Baş redaktoru

 
Təfəkkür Jurnalı
Redaksiya heyəti

Müşfiq Atakişiyev – Baş redaktor,

iqtisad elmləri doktoru, professor
 Asif Quliyev – redaktor (buraxılışa məsul)
Ziyad Səmədzadə – akademik

Asəf Nadirov    – akademik
Nizami Cəfərov – AMEA-nın müxbir üzvü
Akif Musayev – AMEA-nın müxbir üzvü
Əli Nuriyev – AMEA-nın müxbir üzvü
Elşən Hacızadə – iqtisad elmləri doktoru, professor
Amil Məhərrəmov – iqtisad elmləri doktoru, professor
Havva Məmmədova – tarix elmləri doktoru, professor
Aqşin Babayev – filologiya elmləri doktoru, professor
Zahid Məmmədov – coğrafiya elmləri doktoru, professor

© 2014 Təfəkkür Universitetiww.azadinform.az